Siyasət Əsgərov: “Banqladeş millisinin üstün və zəif cəhətlərini bilirik”
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Banqladeş yığması ilə keçiriləcək oyunöncəsi yerli mətbuata fikirlərini bildirib.
Sportliqa.az xəbər verir ki, o, bunları söyləyib:
“Banqladeşdə olmaqdan çox məmnunuq. Sabahkı rəqibimizin Malayziya ilə ilk oyununu izləmişdik. Fikrimcə, Banqladeş yığması daha yaxşı çıxış etmişdi. Əllərinə düşən şansları dəyərləndirə bilsəydilər, ən azı heç-heçə edərdilər. Banqladeşlə Malayziya komandalarının oyun planı, demək olar ki, eynidir.
Banqladeş millisinin üstün və zəif cəhətlərini bilirik. Hücum xəttində sürətli futbolçuları var. Bizimlə matçda sürətli əks-hücumlara üstünlük vermələrini gözləyirik. Bizə bu yolla problem yaratmağa çalışacaqlar. Ümid edirəm ki, hər iki komanda matçı izləməyə gələn azarkeşlərə baxımlı oyun nümayiş etdirə biləcək”.
Azərbaycan millisinin Banqladeşlə matçı sabah keçiriləcək. Əsgərovun rəhbərlik etdiyi komanda ilk görüşdə Malayziyanı 2:0 hesabı ilə məğlub edib.