“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunub.
Sportliqa.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
– Komandadakı durum necədir?
– Futbolçuların istirahət üçün vaxtı oldu. Pis istirahət etməyiblər. Sadəcə Toral və Kaşuk xəstələndi. Digər futbolçular da toplanışa pis başlamayıb, üzləri gülür, həvəslə məşq edirlər.
– Çempionlar Liqasındakı rəqibiniz “Ayntraxt” üç rəsmi matç keçirəcək. Gözləmək olardı ki, bu oyunun ağırlığını hiss etmək üçün daha güclü rəqiblə yoxlama oyunu keçirəsiz. Bunun üçün Əbu-Dabiyə, Dubaya getmək olardı. Bu cür seçim etməməyiniz maliyyə məsələsi ilə bağlıdır, yoxsa futbolçuları psixoloji olaraq yalnız “Ayntraxt” matçı ilə yükləmək istəmədiz?
– Maliyyə ilə bağlı narahatlıq yoxdur. İl ərzində bir neçə dəfə belə güclü rəqiblərlə qarşılaşmışıq. Düzdür, indiki məqamda onlara qarşı 90 dəqiqə oynamaq gücündə deyilik. Lakin yoxlama oyunlarındakı rəqiblərimiz də zəif deyil. Xüsusilə ilk matçda bütün futbolçuları oynatmağa çalışacağıq. Oyuna vaxt var, futbolçuların durumuna baxacağıq.
– “Qəbələ” ilə matçdan sonra demişdiz ki, futbolçulara görə zənglər çox gəlir. Yenə maraqlananlar var?
– Hələ də davam edir. Hər futbolçunu başa düşmək olar. Bunlar normal hallardır. Burada iradım futbolçulardan daha çox edilən zənglərədir. Biri var bir futbolçu ilə bir nəfər danışa, biri də var ki, hərə bir tərəfdən vasitəçilik etməyə çalışa. Elə bil onlar futbolçunun gələcəyini daha çox düşünür. Futbolçunun bir ağası olar.
– Marko Yankoviçlə bağlı durum necədir?
– Normal.
– Ayrılmaq variantı var?
– Hazırda bu haqda məlumatım yoxdur.
– Təklif ancaq legionerlərədir? Ya azərbaycanlı oyunçulara maraq necədir?
– Hamısına var. Bəlkə ən çox təklif elə azərbaycanlılaradır. Öz menecerlərimiz çoxalıb, kənardan da maraqlanırlar. Daha çox onları istəyirlər. Onların gələcəyini düşünən menecerləri, ətrafları daha çoxdur.
– Yanvarda gedən və ya gələn olacaq?
– Hələ ki konkret danışıq apardığımız futbolçu yoxdur.
– Xarici və yerli mediada oyunçularınızın transferi ilə bağlı söhbətlər var. Bəs “Qarabağ” hansı mövqe üçün futbolçu axtarışındadır?
– Hər mövqe üçün danışıqlar aparırıq. İlin sonunda da demişdim ki, hazırda ən çox iş saatı ayırdığımız tərəf futbolçu transferi ilə bağlıdır. Xeyli sayda futbolçuya baxırıq, danışıq aparırıq. Qapı xətti, müdafiə, hücum və orta xətt üçün axtarışlar gedir. Son vaxtlarda ümumiyyətlə dayanmırıq. Görək danışıqlar hansı səviyyədə olacaq. Çox istəyirik ki, komandada bəzi mövqelərdə oyunçu sayını artıraq. Çünki keçən il çox güc sərf etdik. İlboyu belə qrafiklə davam edərsək, fiziki və psixoloji hazırlığımız dözməyə bilər. Rəqabətin artması, heyətin genişlənməsi işimizə də kömək olacaq.
– Çempionlar Liqasında pley-offa qalsanız transfer işlərini sürətləndirəcəksiniz?
– Planımızı buna görə qurmamışıq. Bizdə elə düşüncə olsa idi, Liqa mərhələsinə düşəndə, daha çox addım atardıq. İstəyirdik. Hər bir halda gördüz ki, tam istədiklərimizi edə bilmədik. Transfer elə həddə çatıb ki, imza atılsa da, futbolçu burada olmasa, deyə bilmərik ki, onu gətirdik. Bu günə qədər bu futbolçularla bu yerə gəlib çıxmışıq. Onsuz da mərhələ keçsək də, iştirak ərizəsinə çox futbolçunu sala bilməyəcəyik. Böyük limit də vermirlər. Hər bir halda, dəyişiklik etmək istəyirik. Əlimdə olan futbolçulardan narazı deyiləm. İşimizi daha da yaxşılaşdırmaq
– “Sabah” Premyer Liqada liderdir. Çempionluqla bağlı hansısa narahatlıq var?
– Hər il narahatlığım olur. Rahatlıq o vaxtı olub ki, çempion olmuşuq. Sona kimi narahatlıq davam edir. “Sabah” istəkli və iddialıdır. Hər komandamızın uğuru bizi sevindirir. Lakin biz də iddiamızdan əl çəkmirik. Çempionluq şansımız varsa, bununçün sona qədər mübarizə aparacağıq. Hansısa kluba demirlər ki, hər il çempion olmalısan. Futbolda enişlər də olur. İstənilən çempionatda çempion dəyişə bilir. Sadəcə işimizə daha ciddi və diqqətli yanaşmalıyıq.
– 2026-cı ildə ilk görüşümüzdür. Futbolla bağlı hədəfiniz və şəxsi həyatınızla bağlı 3 arzunuz nədir?
– Şəxsi həyatım da futbolla bağlıdır. Arzum həmişə sizlərin, azarkeşlərin inamını itirməməkdir. Şərt deyil ki, çempion olaq, kubok qazanaq. Mənə olan inam həmişə qalsın. Bu, mənim üçün ən böyük amil olub. Şəxsi həyata gəldikdə, bu barədə danışmağı çox da xoşlamıram. O başqa mövzudur. Hər yerdə istəyərəm ki, güvənim itməsin.
– Qış fasiləsində siz də futboldan uzaq qala bildiniz?
– Futboldan uzaq qalmaq mümkün deyil. Hara getsəm, yenə futbolu müzakirə edirlər. Əsasən də son vaxtlardakı məğlubiyyətlərdən danışırlar. Bir neçə nəfəri çıxmaq şərtilə, məni başa düşən 3-4 nəfərdir. Qalanlar filankəsi niyə dəyişmədin, bu niyə belə oldu, yarı zarafat da olsa, bunu bildirirdilər (gülür). Əfsuslar olsun ki, bunlardan qaça bilmədim. Başlayanda deyirlər, düzünü sən bilirsən, sonra da deyirlər ki, bu niyə belə oldu. Ən yaxınlarım var ki, 3-4 nəfər, bu barədə heç nə demirlər. Daim yanımda olurlar, motivasiya verirlər. İnanın ki, əgər futbolçularım sağlam qayıdırlarsa, hər məşqdə sağlam, istəkli olurlarsa, mənim üçün istirahətdir. İstirahət etsəm də, görsəm ki, məşqim, futbolçularım yaxşı deyil, istirahətimin üstündən xətt çəkilir.
– Renat Dadaşov “Qarabağ”a təklif olunub?
– Xeyr, belə təklif olmayıb. Azərbaycanlıdır, millimizin üzvüdür. Amma hələ ki transfer siyahımızda yoxdur.
– İndiki “Sabah” daha təhlükəlidir, yoxsa çempionluğu uduzduğunuz “Neftçi”?
– Fikir bildirməyim düzgün olmaz. İstəyərdim ki, özümüz daha təhlükəli olaq. Amma ümumi istək hər iki komandada çoxdur. Futbolçularım özlərinə gəlirlər. Ola bilər ki, son vaxtlarda rəqiblərin istəyi bizdən daha çox idi. Gərgin oyunlar keçirdik. ÇL-də 2 matçda uduzduq. Bizə, komandaya olan tənqidlər də təsirsiz olmamışdı, enerjimiz düşmüşdü. “Sabah” gələcəyi düşünərək iş görən komandadır. İdman prinsipləri baxımından bizimçün təhlükəli komandadır, ancaq Azərbaycan futbolu üçün sevindirici haldır.(Sportal.az)
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.