"Qarabağ"ın "Neftçi"(Fərqanə) ilə görüşdə istəkli olmağı gözə çarpırdı. Futbolçular qış fasiləsinə az qalmış nə qədər yorğun, istəksiz görünürdülərsə, Fərqanə klubu ilə matçda tam əksi - çox istəkli, enerjili görünürdülər.
Bu matçda mənim üçün daha bir diqqətçəkən məqam Ramil Şeydayevlə bağlıdır. Şeydayev artıq birəbirdə rəqib də keçə bilmir. Əvvəl heç olmasa, sürət və iri addımları hesabına alındırırdı, rəqibi keçirdi, indi onu da edə bilmir. Onsuz da, 3-cü dəfə onu “Qarabağ”a gətirmək məntiqsiz idi. Məncə, Şeydayevə şans verməkdənsə, 16-18 yaşlı uşaqlara şans vermək, təcrübə qazanmasına imkan yaratmaq daha yaxşıdır. Çünki Şeydayev heç Premyer Liqa matçlarında performans göstərə bilmir, bilməyəcək də.
Qurban Qurbanovun Ramil Şeydayevə bu dəfə şans verməsi doğru deyil. Yəqin ki, mövsümün sonunda onunla yolları ayıracaqlar. Artıq milli komandaya da dəvət edilməyən Ramil həqiqətən meydanda çox yorğun, çox həvəssiz, inamsız görünür. Kristian Kuakunu da bu siyahıya əlavə etmək olar. Şeydayev və Kuaku transferini "Qarabağ"ın yaydakı uğursuz transferləri adlandırmaq olar. Vaxtı ilə Julio Romao da bəlkə bu cür görünürdü, amma o, ən azından meydanda olanda keyfiyyətini hiss etdirirdi, zamanla daha yaxşı olacağına inandırırdı. Kuaku isə o deyil, məncə "Qarabağ" bu futbolçunun əsl keyfiyyəti üçün çoxdur. Premyer Liqamızdakı daha aşağı pillələrdə olan klublarda bəlkə alındırar.