"Hamburq"a keçən Nigar Mirzəliyeva: “Çox xoşbəxtəm”
Almaniyanın “Hamburq” klubuna transfer olunan qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Nigar Mirzəliyevə ölkəni layiqincə təmsil edəcəyinə və böyük uğurlara imza atacağına inanır.
Sportliqa.az xəbər verir ki, bu barədə 23 yaşlı müdafiəçinin özü AFFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib. O, gələcək hədəflərindən də söz açıb:
“Çox sevincliyəm, xoşbəxtəm, qürurluyam. İlk azərbaycanlı qadın futbolçuyam ki, Bundesliqada oynayacam. “Hamburq” tarixi bir klubdur, burada yaxşı nəticə vermək, ölkəmizi daha çox tanıtmaq üçün çox çalışacam. Hədəflərim böyükdür. Ölkəmi layiqincə təmsil edəcəm və gözəl uğurlara imza atacam”.
Nigar Mirzəliyeva son olaraq Rusiyanın “Zenit” komandasında çıxış edib. O, ötən gün “Hamburq”la 2,5 illik müqavilə imzalayıb.