“Derbidə meydana çıxmaq hər zaman xoşdur. Bu cür matçlarda atmosfer fərqli olur”.
Sportliqa.az xəbər verir ki, bunu futbolxeber.az-a müsahibəsində bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov “Neftçi” ilə oyun (2:0) barədə danışarkən deyib.
Rusiyalı qolkiper qeyd edib ki, “Neftçi Arena”dakı matç yalnız atmosferinə görə derbiyə bənzəyirdi: “Azarkeşlər də derbi oyunlarına daha çox maraq göstərirlər. Buna görə də “Neftçi” ilə oyun ilk növbədə stadiondakı atmosferə görə fərqlənirdi. Amma oyun kimi adi oyun idi. Karyeramda çox derbilər olub. Ona görə də matça tam hazır idim”.
O, artıq “Qarabağ”dakı mühitə öyrəşdiyini bildirib: “Hər şey yaxşıdır. Bir müddətdir “Qarabağ”ın düşərgəsindəyəm. Artıq yeni mühitə adaptasiya olmuşam. Ümumi götürdükdə hər şey qaydasındadır. Formamı bərpa edirəm. Uzun müddət oyun təcrübəsinin yoxluğundan əziyyət çəkmişdim. Odur ki, hazırda özümü daha yaxşı hiss edirəm”.
Lunyov UEFA Avropa Liqasının qrup mərhələsində sabiq klubu “Bayer Leverkuzen”ə qarşı keçirəcəkləri görüşlərə də toxunub: “Həmin oyunları böyük maraqla gözləyirəm. Yaxşı qarşılaşmalar olacaq. “Bayer Leverkuzen” hazırda Bundesliqada liderdir. Rəqib əla futbol sərgiləyən möhkəm komandadır. Odur ki, azarkeşlər maraqlı qarşılaşamalara tamaşa edəcəklər”.
32 yaşlı qolkiper Almaniya klubu ilə görüşlərdə şansları belə dəyərləndirib: “Şans həmişə var. Kiminlə oynamağın heç bir fərqi yoxdur. Bəlkə də şablon səslənəcək, amma futbol 11-11-ə oynanılır. Kim güclüdürsə, o da qalib gələcək. Güclünü isə meydanda görəcəyik”.
“Qarabağ”ın çərçivə qoruyucusu Avroliqada məqsədlərinin qrupdan çıxmaq olduğunu vurğulayıb: “Qarabağ” ambisiyalı klubdur. Bizim qarşımızda böyük hədəflər durur. Avroliqada qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz pley-offa yüksəlmək və orada yaxşı oyun sərgiləməkdir”.