"Marca" "Sabah"ın baş məşqçisindən yazdı
İspaniyanın “Marca” nəşri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas barədə yazı hazırlayıb.
Sportliqa.az xəbər verir ki, yazıda litvalı mütəxəssislə bağlı maraqlı faktlara yer verilib. Həmin yazını diqqətinizə çatdırırıq:
“Elə hekayələr var ki, kinonu xatırladır. Valdas Dambrauskasın hekayəsi də məhz belələrindəndir. Onun “Sabah” ilə Çempionlar Liqasına vəsiqə qazanması isə bu süjetin ən kulminasiya nöqtəsidir. Üstəlik, mərhələ adlamaq tərzi bu hekayəyə daha da dastanvari bir əzəmət qatır.
Litvalı mütəxəssis Avropanın tanınmış klublarında, o cümlədən “Jalgiris”, “Ludoqorets” və “Omoniya”da çalışıb. Lakin onun bu yola necə başlaması bütün bunların ən maraqlı hissəsidir. Futboldan uzaq olan Dambrauskaasın hekayəsi 2002-ci ildə vətənində yayımlanan məşhur “Kim olmaq istəyirsən, milyonçu?” televiziya şousunda iştirak etməsi ilə başladı.
O zaman onun 25 yaşı vardı, mühəndislik ixtisası üzrə bakalavr dərəcəsi almışdı və heç vaxt peşəkar səviyyədə futbol oynamamışdı. Buna baxmayaraq, nə ilə məşqul olmaq istədiyini çox dəqiq bilirdi. O, baş mükafatı qazanmağa hazır idi, hərçənd sonda 4000 lit (hazırkı avro məzənnəsi ilə təxminən 1158 avro) qazandı. Bu, az görünə bilər, lakin hekayəsinə başlamaq üçün kifayət etdi.
”Bu, Litvada 1 illik maaşa bərabər idi. Həmin pulla 2 illik təhsil haqqını ödəyə bilərdiniz” – deyə, mütəxəssis “FourFourTwo” jurnalına bildirib. Buna baxmayaraq, o, arzusunun ardınca getməyə qərar verdi. Sevgilisi ilə birlikdə İngiltərəyə köçdü və London Metropoliten Universitetində İdman Elmləri və Məşqçilik ixtisası üzrə təhsil almağa başladı.
”12 yaşımda peşəkar futbolçu olmayacağımı anladığım vaxtdan bəri futbol məşqçisi olmaq istədiyimi bilirdim. İngiltərəyə köçmək imkanı yaranmışdı. Daha yaxşı həyat arxasınca getdim, lakin məşqçi kimi özümə yol açmaq fikrim qəti idi. Futbolda işləyə bildiyimə və bunu peşəmə çevirdiyimə görə çox xoşbəxtəm. Həmin müsabiqə olmasaydı nə baş verəcəyini təxmin edə bilmərəm, amma düşünürəm ki, arzumu həyata keçirməyin bir yolunu tapardım” – deyə, o, “Flashcore”a bildirib.
”Biletlərin və yaşayış yerinin pulunu ödədikdən sonra yalnız bir aylıq xərclərimizi qarşılamağa imkan verən pulumuz qalmışdı, ona görə də təcili yarımştat iş tapmalı idim”, – deyə o qeyd edib. Həqiqətən də elə oldu, ticarət mərkəzində işləməyə başladı. Lakin Valdasın böyük şansı gəldi. “Mançester Yunayted” ona öz akademiyasının qapılarını açdı. “O vaxtlar hələ yaxşı ingiliscə danışmırdım, amma xarakterim onların xoşuna gəldi və işi əldə etdim. Litvadan gəlib mənə belə bir fürsət vermələri mənim üçün böyük addım oldu” – deyə, o, FFT-yə açıqlamasında qeyd edib.
Dambrauskas daha sonra “London Taygers”in və “Fulhem”in aşağı yaş qruplarının məşqçisi kimi fəaliyyətə başladı. “Bu, fantastik təcrübə idi. Gördüyüm bütün işlər böyük bir öyrənmə prosesinin bir hissəsi idi”, – deyə FFT əlavə edirdi. Zaman keçdikcə milli komandanın diqqətini çəkdi və Litvanın müxtəlif aşağı yaş qruplalarından ibarət komandalarını məşq etdirməyə başladı.
”Təkmilləşmək üçün mümkün olan bütün kurslara və konfranslara getdim. Sonra peşəkar futbolda necə vəzifə qazanmağı xəyal etməyə və planlaşdırmağa başladım. Bilirdim ki, İngiltərədə bu, qeyri-mümkün olacaq, amma öz ölkəmdə bir şansım olacaq” – deyə, o, “Flashcore”a bildirib.
Onun peşəkar baş məşqçi kimi ilk təcrübəsi öz ölkəsində oldu. Valdas Urbonasın “Ekranas Panevejis”də köməkçisi olaraq bir neçə il işlədikdən sonra, 2013-cü ildə əsas komandanı idarə etmək çağırışını qəbul etdi. Lakin bu, hələ karyerasının başlanğıcı idi. 2014-cü ilin sonlarında o, ilk titullarını – iki çempionat, iki kubok və iki superkubok qazandığı “Jalgiris”lə müqavilə bağladı. Bundan əlavə, bu klub indiyə qədər 118 matçla onun baş məşqçi kimi ən çox oyun keçirdiyi komandadır.
O, karyerasına RFS, “Goritsa”, “Ludoqorets”, “Hayduk”, “OFI Krit”, “Omoniya” və “Dyoşdyor”da davam edərək yolüstü Latviya kuboku, Bolqarıstan çempionatı və superkuboku, həmçinin, Xorvatiya kubokunu qazandı. Və 2025-ci ildə Avropa elitasına yüksəldiyi kluba – “Sabah FK”ya gəldi. Azərbaycan klubu 9 illik tarixində yalnız bir dəfə – litvalının gəlişindən əvvəl ölkə kubokunu qazanmışdı.
Dambrauskasın “sükan arxasındakı” ilk mövsümündə komanda həm ölkə çempionatını, həm də kuboku qazanaraq “qızıl dubl” etdi və Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparmaq hüququ qazandı. Onlar TNS, “KuPS” və “Orhus”u üstələdilər. Pley-offun son mərhələsində isə “Hapoel” ilə qarşılaşdılar. Səfərdəki ilk matçda 1:2 hesabıyla məğlub olan komanda, cavab matçının 73-cü dəqiqəsində də 1:2 hesabı ilə geridə idi. Buna baxmayaraq, onlar 94-cü dəqiqədə hesabı bərabərləşdirməyi bacardılar və əlavə vaxtda vurduqları 2 qolla Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandılar. Burada onlar “Barselona” və “Vilyarreal” ilə qarşılaşacaqlar. Valdas Dambrauskasın hekayəsi televiziya şousunda iştirak etməkdən tutmuş, Avropanın ən nüfuzlu yarışında məşqçilik etməyə qədər uzanan əsl kino hekayəsidir”. (komanda.az)