"Çox vacib qələbə qazandıq" - Azər Məmmədov
Misli Premyer Liqasında 2026/27 mövsümünün 3-cü turu çərçivəsində "Kəpəz" "Turan Tovuz"a 1:0 hesabı ilə qalib gəlib.
Sportliqa.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Azər Məmmədov oyundan sonra fikirlərini bölüşüb:
“Əvvəla, bu stadionun ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Yeni arenada ilk oyunumuz idi və qələbə bu hadisənin sevincini daha da artırdı. Azarkeşlərin dəstəyi möhtəşəm idi. Ümid edirəm ki, ölkəmizdə hər oyunda tribunaları belə dolu və azarkeşləri bu qədər həvəsli görəcəyik. Oyuna gəlincə, çox güclü rəqiblə qarşılaşdıq. “Turan Tovuz”un oyununu təhlil edərkən müdafiə xəttinin yüksək təşkilatlanmasını qeyd etmişdim. Buna baxmayaraq, futbolçularıma təşəkkür edirəm, onlar möhtəşəm oyun nümayiş etdirdilər. İlk 15-20 dəqiqədə həyəcan səbəbindən meydanda bir qədər zəif təsir bağışladıq. Lakin oyun ərzində tarazlığı bərpa edə bildik. Sonda isə çox vacib qələbə qazandıq”.