Heyif səndən, Vernidub...
Heyf Yuri Vernidubdan. Dünən vaxtilə “Real”ı səfərdə udan məşqçi kimi aparmadı özünü. “Zirə” – “Neftçi” matçını deyirəm. Rəşad Sadıqov matçdan dərhal sonra ona yaxınlaşaraq əlini sıxmaq, görüşmək istədi. Ukraynalı isə məğlubiyyəti həzm etməyərək dərhal meydanı tərk etdi və paltardəyişmə otağına yollandı. Bunlar emosiyalardır, bəlkə də, hardasa başadüşüləndir.
Ən pisi nədir? Oyundan sonra mətbuat konfransında dedikləri. Həmkarımız Rəşad Qasımovun “Qalib gəlmək istəyən komanda epizod yaratmalıdır, siz epizod yarada bilmədiniz" sualına “yəqin ki, fərqli oyunlara baxmışıq” deməsi idi. Bəlkə də düz danışır ukraynalı. Həmkarımız “Zirə” – “Neftçi”yə, Vernidub özü isə başqa oyuna baxırmış, dünən Zirədə olsa da. Halbuki mən bu cür təcrübəli, səmimi mütəxəssisdən daha səmimi açıqlama gözləyirdim, zəif oynadıqlarını etiraf etməsini gözləyərdim.
“Şerif”in baş məşqçisi kimi Çempionlar Liqasında “Real”ı səfərdə udmuş biridir. Bu cür danışmamalı, oyundan sonra da özünü elə aparmamalı idi. Ən təəssüf doğurucu məqam odur ki, “Neftçi” elə bil yenə də düzəlməyib axı, çempionluğa oynayacaq komanda kimi görünmür. Ötən mövsüm Vernidubun gəlişindən sonrakı intizamlı “Neftçi”ni indi görmək olmur.
Mənə elə gəlir ki, “Neftçi” bu mövsüm 8 dəqiqə yaxşı futbol oynayıb. O da “Dinamo”ya (Minsk) qarşı ilk matçın ilk 8 dəqiqəsi. “Sumqayıt” və “Araz-Naxçıvan” isə bu mövsüm o qədər zəif görünür ki, onlara qalib gəldikləri görüşü göstərici kimi götürmək istəmirəm. Çünki söhbət çempionluğa iddialı “Neftçi”dən gedir.
“Neftçi”nin “Dinamo” (Minsk) ilə oyundan sonra dəyişdiyini demək olmur. “Zirə” ilə görüşdə isə Yuri Vernidubun dediyindən fərqli olaraq, onların hardasa cəmi bir qola oxşayan epizodu oldu. O da son dəqiqədə – Anje Mutsinzi “Neftçi” futbolçusunun zərbəsinin qarşısını aldı. “Zirə” isə həqiqətən də nə oynadığını, nə etdiyini bilən, intizamlı oynayan komanda idi. Onların oyununa daha çox futbol demək olardı. “Neftçi” isə nə etmək istədiyini bilmirdi, qola necə getmək lazımdır onu da bilmirdilər, futbolçular xaos içərisində idi. Üstəlik, Vernidub oyunun gedişatına təsir və müdaxilə edə bilmirdi. Qarşıdakı üç turda "Neftçi" o qədər də güclü olmayan və aşağı sıralarda qərarlaşan klublarla qarşılaşacaq. "Qarabağ"la oyuna qədər görünəcək ki, ukraynalı bu mövsüm "Neftçi"ni hədəfinə çatdıra bilər, ya yox.
Mirbağırağa Cəfərli, Sportal.az