"Əvvəlki oyunları təhlil etdik və daha yaxşı hazırlaşdıq"
– Amil Ağacanov
"Qəbələ" klubu Misli Premyer Liqasının 4-cü turunda doğma meydanda "İmişli"ni 2:1 hesabı ilə məğlub edib.
Sportliqa.az xəbər verir ki, "qırmızı-qaralar"ın məşqçisi Amil Ağacanov matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:
- Komandada məşqçi dəyişikliyi oldu. Əvvəlki oyunları təhlil etdik və daha yaxşı hazırlaşdıq. Bilirdik ki, "İmişli" uzun ötürmələr və standart vəziyyətlərdə yaxşı oynayır. Ona uyğun hazırlaşdıq. Qələbə münasibətilə hamını təbrik edirəm.
- "Qəbələ" əvvəlki 3 oyunda qol vura bilməmişdi, bu gün isə 2 qol vurdu. Problem nə idi?
- Hansısa problemin olduğunu deməzdim. Çempionatın əvvəli idi. Sadəcə yaradılan fürsətlərdən istifadə edə bilmirdik. Futbolçularla fərdi olaraq danışdıq. (sportal.az)