"Bayer" Avropa Liqası qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.
Sportliqa.az xəbər verir ki. Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk 15 dəqiqə çox gərgin keçdi. Bütün hücumların qarşısını almağa çalışırdıq. Buna rəğmən qalib gəldik. Penaltidən də olsa, qələbə qələbədir. Qrupda birinci yerdəyik. Amma qələbələri sıralamalıyıq. Futbolçularımız get-gedə daha üstün oyunlar göstərməyə çalışırlar.
- Birinci oyundan fərqli olaraq, "Qarabağ" sizi nə ilə təəccübləndirdi?
- Heç nə ilə təəccübləndirmədi. Bilirdik ki, hansı komanda ilə oynayırıq. Rəqibin necə oynadığını da bilirdik. "Qarabağ" güclü komandadır. Bunu nəzərə alıb, bura gəlmişdik.
- Çox həyəcanlı görünürdünüz. Bunun səbəbi nə idi?
- Futboldur da. Hirslənə də bilərik. Adi haldır.
- 14 il əvvəl futbolçu kimi bu stadionda meydana çıxmışdınız. Bu dəfə isə baş məşqçi kimi komandanızı meydana çıxardınız. Bununla bağlı nə deyəcəksiz?
- 14 il ərzində çox böyük dəyişiklik var. Həm Azərbaycanda, həm də "Qarabağ"da. 14 il əvvəl heç "Qarabağ"ı tanımırdım. Amma indi nəyə qadir olduqlarını bilirəm. İldən-ilə bu komanda böyüyür və növbəti uğurlar üçün hər şeyi edir.
- Sizcə, son dəqiqədəki penalti epizodu "Qarabağ"ın lehinə olsaydı, baş hakim hansı qərarı verərdi?
- Penaltidir də, istər ilk dəqiqələr olsun, istərsə də son dəqiqələrdə. Əgər əllə oyun var idisə, top qapı tərəf gedirdisə, penalti idi. Referilər bu qərarı verir.
- Gələcək karyeranızı "Real"da davam etdirəcəksiz?
- Mən bu barədə heç nə deyə bilmərəm. Oyun barədə sualınız varsa, cavab verərəm.
- "Bayer"lə yanaşı sizcə, qrupdan üç komandadan hansı çıxacaq?
- "Molde" ilə "Qarabağ" arasında rəqabət gedəcək. Son oyun göstərəcək ki, hansı komanda ikinci yeri tutmağa qadirdi.
- "Qarabağ"ın heyətində hansı futbolçunu xüsusi dəyərləndirərdiz?
- "Qarabağ" çox gözəl komplektləşib, yaxşı heyəti var. Hamısını deyə bilərəm. Yankoviç, Zubir, Juninyo... Digərlərinin xətrinə dəymək istəmirəm. Hamısı yaxşıdır. İnanıram ki, onlar üzərinə düşən işi görəcəklər.