Azərbaycan millsinin Belçikaya uduzmasında, cavabsız 5 top buraxmasında qeyri-adi bir şey yoxdur. Nə olmalı idisə, o da oldu. Yığma komandamızın potensialı hər nə qədər daha yaxşı nəticəyə ümid versə də, Canni de Byazi kimi məşqçi ilə darmadağın qaçılmaz idi.
Bəlkə də ssenari bir qədər fərqli ola bilərdi. Daha mübariz oyun sərgiləmək, layiqli müqavimət göstərmək, bir futbolçunun 21 dəqiqəyə poker etməsinə əngəl olmaq olardı. Lakin italiyalı çalışdırıcı o qədər bacarıqsızdır ki, 3:0 hesabıyla qalib gələn komandanı qısa zaman ərzində 0:5 hesabıyla uduzan kollektivə çevirə bildi.
İsveç üzərində qələbə təsadüf idi. Rəqibin heç bir turnir marağı qalmadığından Bakıya motivasiyasız gəlmişdi. Və həmin gün sadəcə, bizim futbolçular rəqibin uşaq səhvlərindən məharətlə yararlandı. İddia edirəm ki, İsveçlə ona qələbə lazım olan oyunlarda 10 dəfə qarşılaşsaq, hamısını uduzarıq. Brüsseldəki matçda hər şey öz yerini tapdı.
Canni de Byazi ilə yeni müqavilə imzalamağa hazırlaşanlar, bunun təbliğatını aparanlar, sözüm sizədir: 20 ilə yaxındır Azərbaycan futbolunun anasını ağladırsız, büdcəni sömürürsüz, əcnəbilərə sevginiz məhz bunun üçün tükənmir, bilirəm. Amma futbolda dəyişməz qanunlardan biri qalib heyətin dəyişilməməsi barədədir.
İsveçlə oyunda qələbədə önəmli rol oynayanlardan biri olan Coşqun Diniyevi ehtiyata atıb, klubunda düz-əməlli heyət üzü görməyən Eddi İsrafilovu oynadırsansa, futbol ilahəsi bunu bağışlamaz. Coşqun da fantastik bir futbolçu deyil, bəlkə də o start heyətdə oynasaydı, ilk yarıda daha çox qol vurulardı, lakin “bəlkə” başqa, reallıq başqa. Fakt odur ki, Eddi meydanda olduğu zaman ərzində rəqibin qolla bitən hücumunu başlatdı, qısa müddətdə iki sarı vərəqə alıb meydandan qovuldu. Və darmadağının əsas səbəbkarı oldu. Diniyev isə Bakıda İsveçlə matçda olduğu kimi Brüsseldə oynadığı dəqiqələrdə də komandaya yalnız fayda verdi.
Bax, bu səbəbdən İsveçlə oyundakı qələbəni təsadüfi sayır, de Byazini avantürst biri adlandırırıq. Anqolalı İsrafilovu Elxan Məmmədov vaxtilə onun üçün dövlətin yüzminlərini havaya sovurub deyə oynatmaq futbola xəyanətdir, sifarişlə işləməyin nümunəsidir. “Baş üstə” ilə işlədiyi üçün Cannini postunda saxlayır, 6 illik müqaviləsi olan Qurban Qurbanovu müqaviləsinin ilk ili başa çatmamış istefaya göndərirdilər.
De Byazi yaxşı məşqçi olsaydı, Albaniya yığmasındakı uğurundan sonra düz-əməlli bir yerdə işləyərdi. Albanlar bu il yenə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandılar, deməli, onların ovaxtkı uğuru da de Byazinin uğuru deyilmiş, kişilər özü futbol oynamağı bacarır.
Canni himayədarları kimi Azərbaycan futboluna xəyanət edən adamlardan biridir. Milli komandanın potensialı az olmayan heyətini bu adam məhv etməklə məşğuldur. Söhbət Belçikada darmadağın olmaqdan getmir, digər matçlarda yaxşı nəticələr qazanmaq, ümidləri sona qədər qovmaq lazım idi. De Byazi həmin məşqçidir ki, ilk vaxtlar Emin Mahmudovu hətta milli komandaya çağırmırdı, mətbuatın tənqidlərindən sonra ona rol verdi və kapitan lider oldu. İtaliyalının məşqçilik bacarığına şübhəmi hələ o vaxt qətiləşdrmişdim.
De Byazi ilə yola davam etməklə günümüzü xilas edib gələcəyimizi uduzuruq. Deyək ki, bu gün Qazaxıstan Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı və biz Millətlər Liqasında pley-offa vəsiqə qazandıq. Nə dəyiəşəcək ki? De Byazi ilə Gürcüstan, Lüksemburq və ya Yunanıstan önünə niyə çıxaq ki? Bu, özünü aldatmaq, italiyalıya layiq olmadığı şansı verməkdir.
Canninin həmvətəni Domeniko Tedesko Romelu Lukakunu fasilədə əvəzləməsəydi, həmkarının bəlkə də xahişini nəzərə almasaydı, indi futbol tariximizin ən qara səhifəsinin yazılmasına şahidlik edirdik. Belçikalılar qol vurmaq istəsəydi, Şahruddin Məhəmmədəliyev tordan top çıxarmaqdan yorulmuş olardı.
De Byazi yəqin yenə reytinqdən bəhs edəcək, rəqiblərimizin gücündən dəm vuracaq. Amma digər qruplara baxıb Azərbaycan səviyyəsində olan komandaların nə hoqqadan çıxdığına da kor olmamalıdır. Qazaxıstan, Moldova, Lüksemburq və başqaları nümunədir, onlardan pis olmağa haqqımız yoxdur. Öotensial da var, maliyyə də – yalnız ölkə futbolunda düzgün sistem yoxdur, onu da Rövnəq Abdullayev – Elxan Məmmədov cütlüyü qurmayıb. Sistemi qurublar, amma futbol üçün yox, özləri üçün.
De Byazi ilə müqavilənin müddəti nəinki uzadılmamalı, onun himayədarları da qovulmalıdır. İllərdi Azərbaycan futbolunun taleyi ilə oynayanlar, onların gətirdiyi faydasız milliləşənlər – hamısı birdəfəlik qaşınıb təmizlənməlidir. Lakin ölkə futbolunda hakimiyyətə gəlmək istəyənlərlə də bağlı diqqətli olmaqda fayda var. Yenilər iş görmək üçün gəlməlidir, monopoliyanı ələ keçirmək üçün yox…
VÜSAL MAHMUDOV