Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Molde” ilə səfərdə bərabərə qalan (2:2) “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə müsahibə verib.
- Dramatik keçən qarşılaşmanı necə dəyərləndirirsən?
- Çox çətin oyun oldu. Burada rəqibin gücünü də nəzərə almaq lazımdı, həm də hava şəraitini. Kənardan o qədər nəzərə çarpmaya bilər, amma biz hamımız meydanın içində bunun nə qədər çətin olduğunun fərqinə vardıq. Buna baxmayaraq, biz komanda olaraq sona qədər mübarizəmizi apardıq. Sona qədər vuruşduq və xal qazandıq.
- Bakıdakı matçda "Qarabağ" daha üstün görünürdü, Norveçdə isə "Molde" daha dominant idi. Hava şəraiti və meydan amili başadüşüləndir. Bəs bərabərliyin sizə sərf etməsinin də bunda rolu vardımı?
- Bütün bunların hamısı ehtimal daxilindədir. Ola bilsin ki, heç-heçə də bizə sərf edirdi. Amma baş məşqçimiz oyundan əvvəl qətiyyən bu cür tapşırıq verməmişdi. Qurban Qurbanov matçdan əvvəl daha çox hücumda oynamağı, eyni oyunu davam etdirməyi tapşırmışdı. Oyunun gedişi hardasa bizə buna məcbur etdi. Digər tərəfdən "Molde" də çox yaxşı formada idi. Oynadıqları sistemi ən yaxşı icra edən komandalardandır. Nə qədər çətin olsa da, səfərdə sərfəli nəticə qazanmaq xoşdur.
- 82-ci dəqiqəyə qədər "Qarabağ" istədiyi nəticəni əldə edirdi, qalib gəlirdi. "Molde" sanki oyundan düşmüşdü. Sonradan oyunun drammatik alınması nə ilə əlaqədar idi?
- Nə qədər müdafiədə diqqətli oynasaq da, rəqib çoxsaylı hücumların birini hardasa reallaşdıra bilərdi. Şansları daha çox idi. "Molde" sonda əlinə düşən şanslarından yararlandı. 1:1-dən sonra onlar tam güclə irəli atıldı və biz də künc zərbəsindən qol buraxdıq. Təəssüflər olsun ki, belə alındı. Amma sonda hesabı bərabərləşdirə bildik.
- Kevin Medinanın zədələnərək meydanı məcburiyyətdən vaxtından əvvəl tərk etməsinin nəticəyə nə dərəcədə təsiri oldu? Çünki onunla yaxşı tandem təşkil edirdiz…
- Medinanı əvəzləyən Bədavi də böyük təcrübəyə malik oyunçudur.
- Bədavi təcrübəli olsa da, sanki oyuna adaptasiya olması zaman aldı. Və "Molde" futbolçuları bu zaman kəsiyindən faydalı istifadə etdilər…
- Buraxdığımız qollardan biri künc zərbəsindən oldu ki, bunu nə Bədaviyə, nə də Medina ilə əlaqəsi var idi. İlk qolda da həmçinin. Orada Kevin Medina olsaydı da, yenə də fərq etməyəcəyini düşünürəm.
- Komandaya vacib bir xalı gətirən qolu sən vurdun. Özünü oyunun qəhrəmanı hesab edirsən?
- Yox, belə düşünmürəm. Qol vurmağı çox istəyirdim. Bunun üçün də irəli atılmışdım. Amma özümü oyunun qəhrəmanı hesab etmirəm. Düşünürəm ki, bütün çətinliklərə baxmayaraq, hamımız komanda olaraq yaxşı mübarizə apardıq. Komanda yoldaşlarım hamısı qəhrəmandır.
- Qurban Qurbanov oyundan sonra mətbuat konfransında bildiridi ki, Toral Bayramova dedim ki, Bəhlula bildirsin, müdafiəyə düşsün, sadəcə orada qalası oldu və qol vurdu. Qol vuracağına inanmışdın?
- Hesabda da geridəydik. Son dəqiqələrdə hücuma ən kiçik fürsətdən də yararlanmaq üçün atılırsan. Mən də hardasa topun mən tərəfə gələcəyini hiss edirdim. Çünki bu tərz qarışıq epizodlarda daha düzgün yerdə olmağı bacara bilirəm. Bundan əvvəl də, 2-3 oyunda qol vura bilərdim. Eyni tərz epizodlar idi, sadəcə yararlana bilməmişdim. "Molde" ilə vacib oyunda yararlandığım üçün xoşbəxtəm. Daha çox qol vurmağa çalışacam.
sportinfo.az