"Bilirdik çətin olacaq. "Qəbələ" qalib gəlmək istəyirdi. Bu gün çox aqressiv idilər. Biz də xal qazanmaq istəyirdik. Burada oynamaq bir az çətindir. Bu gün futbolçularım əzmkarlıq göstərdi. Çempionatın sonudur, psixoloji savaş da gedir. İlk dəqiqələrdə yaxşı imkanımız oldu. Bəlkə də qolu vursaydıq, daha rahat olardıq. Mərkəzdə bir səhvdən sonra rəqibə qol fürsəti verdi. İkinci hissədə riskə getdik. Sevinirəm ki, geridönüş etdik. Buna ehtiyacımız var idi. Futbolçularda özünəinam artır".
Sportliqa.az xəbər verir ki, bu sözləri "Turan Tovuz" klubunun baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 30-cu turunun "Qəbələ" ilə görüşündən sonra mətbuat konfransında deyib.
- Növbəti turda "Sumqayıt"la 6 xallıq oyununuz olacaq. Bu gün ikinci hissədəki taktikanı həmin matçda tətbiq edəcəksiz?
- Xəyal Nəcəfov oyunu buraxacaq. Bu gün dayaq yarımmüdafiəçisi olmadan oynayırdıq. "Sumqayıt"la matç tamam başqa cür olacaq. Nəsə dəyişiklik edə bilərik. Əlimizdə yaxşı hücumçular var. Buna çox sevinirəm. Məşqlərdə tətbiq etdiklərimizi bu gün reallaşdıra bildik. "Sumqayıt"ın özünəməxsus oyun üslubu var. Çətin olacaq. Evdə oynamağın üstünlüyündən istifadə etməyə çalışacağıq.
- Aleks Sozuanı saxlamaq çətin olmayacaq?
- Bizimlə üç illik müqaviləsi var. İstedadlı futbolçudur. Hələ bir az da artıra bilər. Aleks özünü tovuzlu kimi aparır.