UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Linkoln" matçından (5:0) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı baş tutub.
Sportliqa.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk olaraq qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
"Əvvəlcə, ötən gün Olimpiya çempionu olan Hidayət Heydərovu təbrik etmək istəyirəm. Onun tarixi qələbəsindən zövq aldım. Bütün idmançılarımıza uğurlar arzu edirəm. O zirvədə olmaq hər bir idmançı üçün böyük arzudur. Onun bu qələbəsi digər idmançılar üçün də böyük motivasiyadır. Oyunumuza gəldikdə, komandamızı təbrik edirəm. Qalibiyyət öz yerində, futbolçulara səliqəli, nizam-intizamlı oyuna görə təşəkkür edirəm. Matç ərzində üstünlüyü qoruyub saxlaya bildilər. Azarkeşlərə də xüsusi təşəkkürümü bildirirəm. Həmişəki kimi, futbolçulara motivasiya verdilər".
- Aleksey Kaşşuk da oyunu tribunadan izləyənlər arasında idi. Bu barədə nə deyə bilərsiz?
- Onun Bakıya gəlməsindən məlumatsızam. Əgər hansısa komandaya görə gəlibsə, bundan da xəbərsizəm. Stadiona gəlibsə, bizi bəyənib gəlib.
- Növbəti turdakı potensial rəqibləriniz - "Dinamo" və "Ludoqorets"in oyunlarını izləmisiz? Hansı kollektivlə qarşılaşacağınızı düşünürsüz?
- Hansı komanda ilə qarşılaşacağımızı düşünməmişəm. Hər iki klubun öz özəlliyi var. "Ludoqorets" yaxşı komanda olmaqla bərabər, avrokubok təcrübəsinə də malikdir. "Dinamo"nun isə aqressiv və aktiv oyunçuları var. Çox istəklidirlər. Rəqib hansı komanda olacaqsa, onunla oyuna hazırlaşacağıq.
- Sizcə, bu iki matça baxanda, ötən mövsümlə müqayisədə oyun planında hansı dəyişikliklər var?
- Əsas üstünlüyümüz o oldu ki, turnirə ilk mərhələdən başlamadıq. Futbolçular psixoloji cəhətdən çox hazırlıqlıdırlar. İldən-ilə uğurlar əldə etdikcə, təcrübə də çoxalır. Ümumiyyətlə, üstünlüklər çoxdur.
- "Qarabağ" indiyədək xeyli qol epizodları yaradıb. Düşünmüsüz ki, özünüz meydanda olsaydız, şanslardan yararlana bilərdiniz?
- Belə düşünmürəm. Çünki meydanda olsaydım, bu komanda olmayacaqdı (gülür).
- Ardıcıl 11-ci dəfə avrokuboklara vəsiqə qazanmısız. Bu tarix sizə nə vəd edir?
- Azarkeşlərin bizdən tələb və istəkləri daha da çoxalır. Klub olaraq hamımız bunu dərk etməliyik. Bunun bir cavabı var - daha çox çalışmalıyıq. İstəyirik ki, daha da irəli gedək.
- AFFA Hakimlər Komitəsinin yeni sədri belçikalı Frank de Blekere oldu. İK-nın üzvü olaraq sizcə, bu, Azərbaycan futboluna fayda verəcəkmi?
- Bakıda olmadığım üçün İK-nın iclasında iştirak etmədim. Fayda verib-verməyəcəyini deyə bilmərəm. Çox istərdim ki, o postda azərbaycanlı olsun. İnşallah, inanıram ki, yaxın vaxtlarda o vəzifədə çalışmaq üçün öz hakimlərimiz yetişəcək. Rəhbər hazırlamaq üçün müəyyən vaxt, dərindən düşünmək lazımdır. Qurban Qurbanov olaraq çox istərdim ki, həmin sahələrdə öz kadrlarımız yetişsinlər. Yəqin ki, qarşıdakı iclaslarda bu vəzifələrdə yerli kadrların olması üçün müzakiələr aparılacaq.
- Ardıcıl 11-ci il avrokuboklara vəsiqə qazanmağınız sizə heyət problemi yaradır?
- Buna normal baxıram. Hansısa futbolçu yaxşı çıxış edirsə, ona kənardan maraq da çoxalır. Yenə qeyd edirəm ki, ildən-ilə təcrübəmiz də çoxalır. Bəli, heyəti saxlamaq çətin olur. Dəfələrlə demişəm ki, əlimizdə imkan varsa, sahib olduğumuz heyəti qoruyub saxlamalıyıq. Ən çox vaxt ayırdığımız sahələrdən biri də transferdir. Elə olub ki, 4-5 transfer birdən etmişik, elə də olub ki, heç etməmişik. Çətin olsa da, həmişə heyəti qoruyub saxlamağa çalışırıq.