"Qarabağ" bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxacaq.
Sportliqa.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Niderland "Ayaks"ı ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Bu, hər iki komandanın bir-birinə qarşı tarixdə ilk matçı olacaq.
Lakin buna qədər Ağdam klubu iki dəfə Avropa Liqasının təsnifatının pley-off mərhələsində Niderlandın "Tvente" klubu ilə qarşılaşıb. Bir dəfə (2009-cu il) mərhələ adlayan hollandlar, bir dəfə isə "Qarabağ" (2014-cü il) olub. Bununla belə, bu matçlarda Qurban Qurbanovun komandasının qələbəsi olmayıb. Oyunlarda 3-ü heç-heç bitib, 1-də isə "Tvente" qələbə qazanıb.
"Qarabağ" hazırda Liqa mərhələsinin turnir cədvəlində 0 xalla 34-cüdür. Qurban Qurbanovun komandası 1-ci turda "Tottenhem"ə (0:3), 2-ci turda isə "Malmö"yə uduzub (1:2).
Aktivində 4 xal olan "Ayaks" isə 8-ci pillədədir. Komanda 1-ci turda "Beşiktaş"ı darmadağın edib (4:0), 2-ci turda "Slaviya" ilə bərabərə qalıb (1:1).
Avropa Liqası, Liqa mərhələsi, 3-cü tur
20:45. "Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland)
Hakimlər: Nikolas Uolş, Qraeme Stevart, Kalum Spence, Kristofer Qraham (Şotlandiya)
Tofiq Bəhramov adına Respublika Stadionu.