Portuqaliya millisinin baş məşqçisi kimi Avropa çempionu olan, Kriştiano Ronaldonu ehtiyatda oturdan Fernandu Santuşa ümidim böyük idi. Millimizdə nəticə verəcəyi ilə bağlı yox. Buna ümid etmək sadəcə sadəlöhvlük olardı. Ümidim nağıl danışmayacağı, açıqsözlü olacağı bağlı idi.
Amma Berti Foqts kimi son illərdə hər yerdən göndərilən portuqaliyalı nağıllar danışır. Futbolumuzun durumu bəllidir, bu haqda çox deyilib, yazılıb. Santuş indi də Gürcüstan millisindən misallar çəkməyə başlayıb. Mətbuat konfransında deyir ki, Gürcüstan millisinin futbolçuları 10 il əvvəl yerli çempionatda oynayır, strategiyaya başladılar və indi futbolçuları xaricdə oynayır. Əminəm ki, Santuş Gürcüstan futbolu haqda yalnız Xviça Kvaratsxeliyanı tanıyır. 10 il əvvəl də, ondan əvvəl də Gürcüstan millisinin əksər üzvləri legioner həyatı yaşayıblar. Məlumatı yoxdursa belə, 10 il əvvəlin heyətinə baxaraq bunu görə bilər. Yəni, bu məsələdə belə sanki məlumatsız olduğumuzu düşünür, nağıllar danışır. Ən əsəbi olduğum məsələ bura gələn mütəxəssislərin bizi futbolu bilməyən kimi görməsi və sanki ağıllı nəsə danışırmış kimi özlərini göstərməsidir.
Hansısa uğurların gəlişi əksər vaxtlarda uğursuz nəticələrlə başlayır. Amma o uğurlu nəticələrin lap 5, lap 10 ildən sonra gəlməsi üçün nağıl danışıb, dua etmirlər e, ortaya iş qoyurlar, bərk fundamentə başlayırlar. Fernandu Santuşa sual verilmişdi ki, aşağı yaş qrupları uduzursa, gələcəyin millisini kiminlə quracaqsız? O da dedi ki, yeni-yeni futbolçular çıxacaq. Yəni o boyda məşqçi də, işi ehtimala buraxıb. Yəni öz-özünə düşünür ki, “neujeli” U-17, U-19-dan ara-sıra 4-5 oyunçu çıxmayacaq?
U-17, U-19 yığmalarımız da uduzmaqdan bezmədi. Elxan Abdullayev və İlham Yadullayev əsas günahkar deyil, amma təbii ki, yığmanın bərbad nəticə göstərməsində günahsız da deyillər. O da başqa mövzudur ki, aşağı yaş qrup yığmalarında “karusel” məsələsi baş verir, məşqçilər 2-3 ildən bir yer dəyişir. Amma məsələ də o deyil axı. U-17, U-19 yığmamız bərbad durumdadır. Liqalarımız bərbad durumdadır, uşaq komandalarının keçirildiyi oyunların stadionları bərbad durumdadır. Axı problemlər aşkardır, aydındır. Buna baş sındırmağa, böyük pullar töküb strategiya yazdırmağa ehtiyac yoxdur. Hansı strategiyanın lazım olduğunu hamımız gözəl bilirik: uşaq futboluna vicdanlı diqqət, akademiyaların inşası, təhsil, qidalanma, savadlı məşqçilər, o savadlı məşqçilərin daha da maariflənməsi, təcrübə toplaması üçün xaricə göndərilmələri və sair. Gənc məşqçilərlə söhbət edirəm və onların müasir futbolla bağlı düşüncələrini eşidəndə sevinirəm. Amma onların da savadlarının daha da artırılması üçün daim ölkə xaricində təcrübə keçməlidirlər. Təbii ki, bunların həyata keçirilməsi üçün maliyyə də lazımdır.
U-15, U-16 liqalarımız nə gündədir. Hamısı o gündədir. Sadəcə böyük futbolçuya keçidə yaxın yaşlar bunlardır deyə, onların liqaları daha çox diqqət çəkir. AFFA-nın günahını bildik, günahları böyükdür, futbola cavabdeh qurumdur. Durumumuzun ən böyük səbəbkarı o qurumdur. Yaxşı, bəs klublarımız öz uşaq komandalarını xaricə göndərir, hansısa turnirə göndərir? Son dövrlərdə, “Neftçi”, “Qarabağ”, "Sumqayıt", " Sabah" bunu edib. Amma digərləri də etməlidir. Bir illik xidməti üçün üç yararsız legionerə pul xərcləməkdənsə, həmin pulla 3 il ardıcıl U-15 komandanı xaricə turnirə göndərmək daha kar edən işlərdir. AFFA-nın futbolumuzun inkişafı necə maraqlandırmırsa, klublarımızın əksəriyyətini də öz yetirmələrinin yetişməsi o qədər düşündürmür. Bəlkə də düşündürür, amma “fəaliyyətləri” onu demir. Deyim ki, pul yoxdur? Axı ehtiyatda oturtmaq üçün legionerə belə verəcək pullar tapılır.
Azərbaycan bu gün İsveçlə qarşılaşır. Qalib gəlməyimiz nəyi dəyişəcək? Axı özümüz bilirik ki, lap İsveç udsaq da, biz o deyilik, heç nə qazanmayacağıq. Ona görə elə D divizionuna düşüb, problemlərimizi aşkar görüb, vicdanlı addımlar atmağımız yaxşıdır. Amma ona da inamım qalmayıb, heç vaxt düzəlməyəcək. Çünki tək futbolla bağlı məsələlər deyil bunlar.
Mirbağırağa Cəfərli