Vaxtilə Azərbaycan milli komandasında, bir sıra klublarda çalışan, son olaraq isə "Səbail"in tibb personalında fəaliyyət göstərmiş Sədrəddin Məmmədovun səhhətində ciddi problem yaranıb.
O, "Məlhəm Hospital"a yerləşdirilib və reanimasiyadadır. Məsələ ilə bağlı Sədrəddin bəyin oğlu Elnur Məmmədov saytımıza açıqlama verib.
Onun sözlərinə görə, "Səbail" klubu tibbi prosedurlar üçün 12 min manat həcmində yardım göstərib. "Səbail" rəhbərliyinə dəstəyə görə minnətdarlığını bildirən E.Məmmədov müalicə üçün əlavə vəsaitə ehtiyac olduğunu da bildirib.
Elnur bəy Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) başda olmaqla Premyer Liqada çıxış edən "Qarabağ", "Neftçi" və digər klubların rəhbərliyinə səslənərək atasının müalicəsi üçün tələb olunan maddi vəsaitlə bağlı yardım istəyib.
O, eyni zamanda, federasiyadan, klub rəhbərlərindən atasının müalicəsini davam etdirmək üçün "Neftçilər" xəstəxanası və ya "Yeni Klinika"ya köçürülməsinə yardım göstərmələrini xahiş edib.