Azərbaycan futbolunun acınacaqlı vəziyyəti hər kəsə məlumdur. Dövlət dotasiyaları ilə ayaqda durmağa çalışan futbolumuzun ən bariz nümunəsi isə "Neftçi"dir. "Xalqın komandası" adlandırılan "ağ-qaralar" dövlət dəstəyindən ən çox faydalanan klub olsa da, uğurları ilə yox, problemləri ilə gündəmdədir. Hazırda Azərbaycan Premyer Liqasında turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan komanda liderdən nə az, nə çox – 32 xal geri qalaraq ümidləri boşa çıxarıb.
Beş ay əvvəl "Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərli həmkarlarının önündə futbol ictimaiyyətinə hər ay iki dəfə mətbuat konfransı keçiriləcəyini (videoya buradan baxa bilərsiniz) vəd etmişdi. Amma elə həmin anda futbol ictimaiyyəti bu açıqlamaya şübhə ilə yanaşmışdı – və haqlı çıxdı. Aylar ayları, fasillər fəsilləri əvəzlədi, amma nə mətbuat konfransı oldu, nə də bununla bağlı bir quru açıqlama...
Klub rəhbərliyi azarkeşlərlə ünsiyyət qurmaq əvəzinə susmağı üstün tutur. Hər oyun günü "Skybox"dan çıxan rəhbərlik azarkeşlərin, jurnalistlərin “yağış kimi yağan" suallarına cavab vermək əvəzinə “gizlənqaç” oynayır. Sanki Cenk Sümer "Neftçi"nin mövqeyini çatdırmaq üçün başqa planetdən siqnal göndərilməsini gözləyir.
Azarkeşlərin sualları sosial şəbəkələri bürüyür, lakin klub rəhbərliyinin yeganə reaksiyası “haha” düyməsini basıb keçməkdən ibarətdir elə bil. Bu, onların yeni “klub siyasəti” ola bilər – susmaq qızıldır axı. Amma unutmasınlar, bu qızıl çoxdan paslanmağa başlayıb.
Elsevər Muradzadə