Dambrauskas: "Oyunun nəticəsi ədalətli idi"
"Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 4-cü turunda "Neftçi" ilə 0:0 hesablı heç-heçə etdikləri oyunu şərh edib.
Pressing.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Hər iki komanda üçün nəticə önəmli idi. "Neftçi" də qalib gəlməmişdi, biz də son oyunda məğlub olmuşduq. Daha çox əks-hücumlar oldu. Birinci hissədə çox səhv buraxdıq. Mövsüm ərzində edə biləcəyimiz bütün səhvləri etdik. İkinci hissədə oyunun ritmi yaxşı idi. Sonradan meydana daxil olanlar yaxşı təsir bağışladılar. İrəlidə bu qədər az fürsət yaradırsansa, çətindir. Rəqibin də qol şansı oldu. Oyunun nəticəsi ədalətli idi.
- Üç oyundan sonra cəmi 4 xal yığmısınız. Bu haqda nə deyə bilərsiniz?
- Mən bura gəlməmişdən hara gəldiyimi dərk edirdim. Burada çempionatın gərgin olduğunu bilirdim, çempionatı izləyirdim. Çünki bəzi oyunçularım var idi ki, burada çıxış edirdilər. 4 xal bizim üçün gözləmədiyimiz hal idi. Amma bu, mövsümün başlanğıcında normal ola bilər. Bəhanələr gətirmək istəmirəm. Çox inkişaf etməliyik. Bu gün önəmli oyunçularımızdan Cesse Sekidika, Zinedin Uld Xaled, İqor Noqeyra yox idi. Bu mövsümboyu da baş verəcək, zədəlilər olacaq. Andrey Souza bu gün debüt etdi, Tellur Mütəllimov uzun müddətdən sonra oynadı. Qığılcımlar olduqca inanıram ki, gələcəkdə böyüyəcəyik, qələbələr olacaq. Bu matçda da çalışdıq. Bəzi şeylər alınmadı. Onların üzərində işləməliyik. Sabah artıq yeni məşqimizə başlayırıq, qarşıdakı matça hazırlaşırıq.