“Qarabağ” “İmişli” ilə oyunun yerinin dəyişdirilməsi üçün PFL-ə MÜRACİƏT ETDİ
“Qarabağ” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. Klub Çempionlar Liqasının Liqa mərhələsinin “Çelsi” ilə keçiriləcək oyununa daha yaxşı hazırlaşmaq məqsədilə 10-cu turda keçiriləcək “İmişli” – “Qarabağ” oyunu ilə 20-ci turda baş tutacaq “Qarabağ” – “İmişli” görüşünün yerinin dəyişdirilməsini istəyib.
Sportliqa.az xəbər verir ki, “Qarabağ” klubunun rəsmi müraciətini, “İmişli” klubunun razılığını nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliklə bağlı qərar qəbul edib.
Belə ki, 10-cu turda komandalar “Azersun Arena”da üz-üzə gələcək və oyun “Qarabağ” – “İmişli” görüşü kimi rəsmiləşəcək. Görüş 31 oktyabr saat 17:00-da start götürəcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. 20-ci turun görüşü isə “İmişli” – “Qarabağ” qarşılaşması kimi oynanılacaq.