"Turnir cədvəlində bir-birinə yaxın kollektivlər qarşılaşırdı. Bilirdik ki, ağır olacaq. Gəncə səfəri hər bir komanda üçün ağırdır. Kollektivdən daha çox oyuna nəzarət etməyi, hücumun təşkil edilməsini istəyirdik. Futbolçular da bunu yerinə yetirməyə çalışırdı. Komandadan İstədiyimi ala bildim, vacib qələbə idi, futbolçularımı təbrik edirəm. Qarşıdakı matçları düşünürük".
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 8-ci turunun "Kəpəz"lə (0:1) görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
- Qələbə sayəsində sonuncu pillədən qurtuldunuz. Bu, növbəti turlar üçün komandaya nə dərəcədə təsir edəcək?
- Ötən dəfə də oyundan sonra demişdim ki, çempionat hələ yeni başlayıb, amma fərqli reaksiyalar var. Biz də bilirik ki, daha çox oyun keyfiyyətimizi artırmalıyıq. Qələbə təsadüfi də ola bilər. Məni sevindirən odur ki, komanda meydanda istədiyimi verməyə çalışır. İstədiyimiz oyun elementlərini qaydasına salsaq, nəticələr də gələcək.
- İlkin Qırtımovdan mərkəz müdafiəçisi kimi razısız?
- İlkin universal futbolçudur. Verdiyimiz tapşırıqların öhdəsindən layiqincə gəlir.
- Ahmed Ayzaya əvəzlənəndə ehtiyat skamyaya etiraz edirdiz. Nə baş vermişdi?
- Ayzayadan qabaq Ayyub Allaşı dəyişmək fikrimiz var idi. Sadəcə Ayzayanın əvəz edilmək istədiyi epizodu görməmişəm. Ayzayanın yerinə Allaşı dəyişdik. O, bizim üçün önəmli futbolçudur, potensialı olan biridir. Ancaq daha yaxşı ola bilər. Öz üzərində daim çalışır. Düşünürəm ki, bu mövsüm daha fərqli Ayzaya görə bilərik.