"Matçla bağlı danışılası çox şey yoxdur. Evdəki məğlubiyyət seriyamız davam edir. Futbolçular uduzmamaq üçün əllərindən gələni etdi. Amma uduzduq. "Qəbələ"ni təbrik edirəm. Bizim üçün altı xallıq matç idi. "Qəbələ"yə uduzmamağı düşünürdük. Çempionat davam edir. Futbolçularıma güvənirəm. Çalışacağıq ki, sona qədər Premyer Liqada qalmaq uğrunda mübarizə aparaq".
Sportliqa.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Məmmədov Premyer Liqanın 8-ci turunun "Qəbələ" ilə (0:1) görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
- Oyundan sonra azarkeşlər yenə sizi istefaya səsləyirdi. Evdəki ardıcıl məğlubiyyətlər sizi narahat edir, yoxsa daha çox azarkeşlərin istefa şüarları?
- Məğlubiyyətlər daha çox narahat edir. Həqiqi "Kəpəz" azarkeşləri qələbəyə layiqdirlər. Evdəki dörd məğlubiyyətə görə, həqiqi azarkeşlərimiz üçün narahatam. "Kəpəz"in hansı baş məşqçisini istefaya səsləməyiblər? Başda İlqar Nadiri olmaqla, bu komandanı mənə etibar ediblərsə, etimadı doğrultmağa çalışacam. Bu gün sonuncu pilləyə düşdük. Amma gücümüz var. Bir neçə oyunda oynamağı bacardığımızı göstərmişik. Hər komandada bu cür periodlar olur. Amma inanıram ki, bizə güvənənlərin ümidini doğruldacağıq.
- Sizcə, niyə evdə uduzursunuz?
- Komanda səfərdə rahat futbol oynayır. Məncə, bu hamının diqqətini çəkməlidir. Bəli, azarkeşlərə ehtiyacımız var. Amma düzünü deyim, baş məşqçi kimi oyunun gedişində kənarda dayananda, iki güclü təzyiq hiss edirəm. Onlardan biri komandanın Premyer Liqadan düşməməsi üçün onu qoruyub-saxlamaq, digəri isə azarkeşlər tərəfindən gələn təzyiq. Oyun başlayandan qışqırırlar, filankəs çıxsın, filankəs oyuna daxil olsun. Futbolçu eşidir, onlara da təsir edir. Təzyiqdən sonra bəzi futbolçular özünə gələ bilmir, qorxu hiss də yaranır. Düzdü, hər şeyi onun üzərinə atmaq da düz deyil. Biz məğlub olmuşuq. "Neftçi"ni udmuşuqsa, burada yenə qələbə qazanacağıq.
- "Gəncə klubunda gəncəlilər işləməlidir" deyənlər niyə bu gün Azər Məmmədovun arxasında dayanmırlar? Tək qalmısız...
- Mən tək deyiləm. İlk növbədə Allahım var, hər zaman məni diqqətində saxlayır. Məşqçilər korpusu, "Kəpəz"in rəhbərləri var, onlar mənim arxamdadır. Onlar mənə güvənirsə, demək ki, kürəyimi elə-belə yerə söykəməmişəm. Nə qədər bacarıramsa, çalışacam ki, "Kəpəz"in Premyer Liqadakı yerini qoruyub-saxlayım. Çünki bu komanda yüksək liqada qalmağa layiqdir. İstəyir büdcəsi, ya da problemi çox olsun. Səhvlərimizi analiz edərək, çalışacağıq ki, yüksək liqada qalaq.
- İstefa qışqıranların sayı artır...
- Nə edə bilərik? "Kəpəz"i həqiqi sevənlər var ki, komandanı sona qədər dəstəkləyirlər. Amma elə adamlar da var ki, futbola başqa cür baxırlar. Onlar üçün hər oyunda qələbə və yaxşı oyun olmalıdır. Amma etiraf edək ki, futbolda hər matçda yaxşı oyun və uğurlu nəticə olmaya bilər. Matçlar fərqli alınır. Azarkeşlərimizin istədiyi hər görüşdə yaxşı oyun, qələbə "Kəpəz"ə aid deyil.
- Qarşıdakı turda "Sumqayıt"la səfərdə oynayacaqsız. Yəqin ki, əlavə təzyiq olmayacaq?
- Təzyiqsiz olan yerdə normal oynayıb, xallar götürürük.
- Komanda qarşıdakı ev oyunlarını fərqli stadionda keçirəcək?
- Gəncə şəhər stadionuan gəlib baxıblar, sökülmək məsələsi var. Ancaq yekun qərarı aidiyyatı orqanlar verməlidir. Fikrimi soruşursuzsa, məncə stadion sökülsə, Gəncə üçün yeni stadionda tikilsə, yaxşıdır. Fərqi yoxdur, "Kəpəz"də Azər oldu, ya Əhməd. Gəncəyə yeni, gözəl stadion lazımdır. Məncə, bu stadionun sökülməsi, yenisinin tikilməsi yaxşı ideyadır. Müvəqqəti olaraq, ev oyunlarımızı Bakıda keçirməyi konkret düşünmürəm. Amma yekun qərarı rəhbərliyimiz verəcək. Məndən olsa, Qəbələyə üstünlük verərəm. Çünki təbii örtüklü meydançadır, orada çox oyun keçirmişik deyə, adaptasiya olmuşuq. Rəqiblər üçün orada oynamaq çətindir. Xeyrimizə işləyən amillər ola bilər.