
Azərbaycan milli komandasının keçmiş futbolçusu Mahir Şükürovun Offsideplus.az-a müsahibəsini təqdim edirik:
- Milli komandamızın Estoniya ilə oyunundan gözləntiləriniz nədir?
- Oyun çətin keçəcək. Estoniya millisi evdə bizdən xal almağa çalışacaq. Rəqib də bizim milli komanda kimi sonuncu pillələrdə qərarlaşıb. Futbolçular qələbə qazanmaq üçün bütün güclərini ortaya qoymalıdılar.
- "Neftçi"də az şans qazanan Höccət Haqverdinin milliyə dəvət olunub, "Sabah"da bütün görüşlərdə meydana çıxan Amin Seydiyevin dəvət olunmaması müzakirələrə səbəb olur. Bu məsələ ilə bağlı fikiriniz necədir?
- Hər məşqçinin öz fikiri var. Bizim vaxtımızda Daniel Axtyamov komandasında oynamırdı, amma milliyə dəvət alırdı. De Byaznin qərarlarına hörmətlə yanaşmalıyıq. Təbii ki, Höccət Haqverdinin yığmamıza çağrılmasına mən də etiraz edirəm. Ondansa, yerli futbolçularımız oynasın. Bəzi oyunçular məşqçinin xəbəri olmadan çağrılır. Millinin heyəti açıqlanmamışdan qabaq onlara zəng gedir ki, dəvət olunacaqsan, vəziyyətin necədir? Heç baxmırlar ki, komandasında oynayır yoxsa oynamır.
- De Byazi açıqlamasında bildirib ki, komandalarda legionerlərin sayı çoxdur, bu, millimizə kömək etmir...
- De Byaziyə demək lazımdır ki, sən bura gələndə bilmirdin legioner sayı çoxdur ya az? Cənab De Byazi və köməkçiləri çox məntiqsiz açıqlamalar verirlər. Baş məşqçi milli komandaya, kluba gəlirsə, dəvət olunduğu komandaların keçmişinə baxmalıdır. Baxmırsansa, deməli sən pul qazanmağa gəlirsən, bir müddət keçəndən sonra belə uydurma fikirlər bildirirsən. Əgər sən dediyin kimidirsə, niyə hələ də özünə sığışdırıb işləyirsən? Vaxtında çıx get, arxanca "sağ olsun" desinlər. De Byazi hər dəfə inkişafdan danışır. İnkişaf edən milli dörd oyuna bir xal qazanar? Heç bir inkişafdan söhbət gedə bilməz. Bəhanələr axtarmaq lazım deyil.