Üç azərbaycanlı atlet Bakıdakı triatlon yarışının qalibi oldu
Bakıda “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışı keçirilib.
Sportliqa.az xəbər verir ki, yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutub. Yarışın finiş xəttini ilk olaraq ABŞ-ı təmsil edən Maksim Kryat (04:01:21) keçib, amma ən yaxşı vaxtı xorvatiyalı Matej Yukiç göstərib – 04:01:20.
Azərbaycan idmançıları arasında isə finiş xəttini ilk keçən Teymur Fərəcov (40-44 yaş) olub – 04:36:10. Yarışın qalibləri sırasında üç Azərbaycan təmsilçisi olub: Leyla Abdulazizova (18-24 yaş kateqoriyası) və Natalya Vallek (50-54 yaş) qadınlar arasında, Anatoliy Afonenko (75-79 yaş) isə kişilər arasında. Mükafatçılar sırasına Tural Atakişiyev də yer alıb, o öz yaş kateqoriyasında (18-24 yaş) finişə ikinci çatıb.
Yarışda həmçinin Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə də iştirak edib və məsafəni uğurla başa vurub. Kişilər arasında estafet yarışında Azərbaycanı təmsil edən Team Metak (AlfaTriClub), qarışıq estafetdə isə Team Turan Team ikinci yer tutublar.
“IRONMAN 70.3” yarışı kişilər və qadınlar arasında 13 yaş kateqoriyası üzrə keçirilib. Həmçinin tədbir çərçivəsində estafet yarışı da keçirilib. Kişilər, qadınlar və qarışıq komandalar arasında təşkil olunan yarışda ümumilikdə 47 komanda mübarizə aparıb.