"Kəpəz" Azərbaycan Premyer Liqasının 10-cu turunda öz meydanında "Zirə" ilə 0:0 hesablı heç-heçə edib.
Sportliqa.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- "Turan Tovuz"a təşəkkür edirəm ki, bizə qucaq açdılar. İki fərqli hissə izlədik. İlk yarıda komandamız daha yaxşı oynadı. Çalışdıq ki, qol vuraq, alınmadı. Təbii örtükdə məşq etdiyimiz üçün bu gün komandada yorğunluq yarandı. Süni örtük öz təsirini göstərirdi. "Zirə" çempionatda ən az top buraxan komandadır. Oyunun ədalətli nəticəsi heç-heçə idi.
- İddialı komandaların hamısından xal alırsız, amma sizə yaxın olan rəqiblərə uduzursuz. Bunu necə izah edə bilərsiz?
- Bizə bərabər bəzi klublar ola bilər. Maliyyə baxımından hamıdan geri qalırıq. Özüm də özümə sual verirəm ki, necə olur liderlərdən xal götürürük, daha asan rəqiblərdən isə xal ala bilmirik. Komandanın 80 faizi yenilənib. Futbolçuların adaptasiya alması üçün vaxt lazım olur. Bu proseslərdən keçirdik. İkinci dövrədə daha fərqli "Kəpəz" olacağıq.
- Siz Qəbələdə oynamağın tərəfdarı idiniz. Necə oldu ki, Tovuzu seçdiniz?
- Bəli, qeyd etmişdim ki, Qəbələdə oynasaq, daha yaxşı olar. Süni örtükdə bizim üçün çətin olur. Sadəcə Tovuzda daha az xərcimiz çıxır. Tovuzun üstünlüyü odur ki, bizə daha yaxındır.
- Axşam saatlarında oynamamağı siz istədiniz?
- Matçdan əvvəl Rəşad Sadıqovla söhbət edirdik. Biz də istəyərik ki, axşam oynayaq. Amma PFL belə qərar verib.
- Sosial şəbəkələrdə veteran futbolçular klub rəhbərliyinə və sizə qarşı kampaniya başladıb. Bu haqda fikirləriniz necədir?
- Mən gəncəlidən əvvəl azərbaycanlıyam. İstefaya tələblərinə gəldikdə isə, söz vermişəm ki, komandanı tam düzəldənə kimi sosial şəbəkələrlə maraqlanmayacam. Mən bir "Kəpəz" sevən kimi, bir gəncəli kimi İlqar Nadirini hər yerdə dəstəkləyəcəm. Burada işləsəm də, işləməsəm də. O insanda səmimilik görürəm. Necə dəstəkləməyim? "Kəpəz" üçün əlindən gələni edir. Mənim də istefamı istəyirlərsə, tənqidə açığam. Bəzi azarkeşlərə də haqq qazandırmaq lazımdır. Daha yaxşısını etmək istəyirik. Bizə vaxt laızmdır.