"Difai"də klubdaxili toplantı keçirilib. Rəhbərlik komanda üzvləri ilə görüşüb.
Sportliqa.az xəbər verir ki, iclasda prezident Asəf Məlikov, vitse-prezident Cavidan Qorçıyev və digərlər funksionerlər iştirak edib.
Kollektivin I Liqanın ilk 6 turundakı çıxışı, hazırlıq prossesi və gələcək planlar müzakirə olunub. A.Məlikov nəticələrin onları qane etmədiyini, tezliklə vəziyyəti düzəltməyin lazım olduğunu bildirib. Prezident artıq islahatların başladığını və bu prosesin qış fasiləsinədək davam edəcəyini söyləyib.
O, baş məşqçi vəzifəsini müvəqqəti həyata keçirən Elgiz Kərəmliyə inandıqlarını deyib. Eyni zamanda vurğulayıb ki, «Difai» turnir cədvəlinin aşağı pillələrində qərarlaşa bilməz, hədəf maksimum dərəcədə irəliləyişə nail olmaqdır.
I Liqada debüt mövsümünü keçirdiklərini, əksər futbolçuların təcrübəsiz olmasını dilə gətirən A.Məlikov bütün bunlara rəğmən, görülən işlərin "Difai"nin həyatında yeni səhifə açacağını diqqətə çatdırıb. A.Məlikov qeyd edib ki, C.Qorçıyev bundan sonra komandanın gündəlik işləri ilə daha yaxından məşğul olacaq.
Vitse-prezident də öz növbəsində "Difai" adının əhəmiyyətindən danışıb, tarixi təşkilatın atributlarını formasında daşıyan futbolçuları bir qədər də məsuliyyətli olmağa səsləyib. Cavidan Qorçıyev bildirib ki, klubun maddi-texniki bazası bundan sonra daha da yaxşılaşdırılacaq, heyətin gücləndirilməsi istiqamətində mühüm addımlar atılacaq.