"Qarabağ"ın iki ən böyük azarkeş qrupundan biri olan "Qarabağ Ordu" klubun oyunlarını boykot edib.
Pressing.az-a daxil olan məlumata görə, buna səbəb "Qarabağ" rəhbərliyinin fanatları onlara doğma olan sektora buraxmamasıdır. Belə ki, Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda "Səbail"lə keçirilən oyunda (4:2) "Qarabağ Ordu" üzvlərinin sektora buraxılmaması onları klubdan incik salıb və fanatlar dərhal arenanı tərk ediblər. Fan-klub 20 illik yubileyləri günü buna cavab olaraq 30-cu turda "Sabah"la keçirilən səfər qarşılaşmasında (3:2) Ağdam təmsilçisini dəstəkləməyə gəlməyib. Bu da məsələnin nə dərəcədə ciddi olduğunu göstərən əsas məqamlardan biridir.
Ağdam təmsilçisinin rəhbərliyinin bu addımından hiddətlənən azarkeşlərin klubun oyunlarını nə vaxta qədər boykot etdikləri isə hələlik məlum deyil.