Birinci Liqa təmsilçisi "Araz Saatlı" klubunun prezidenti Ədalət Abdullayevin müsahibəsini diqqətinizə çatdırırıq.
– Geridə qoyduğumuz mövsüm çıxışınızı necə dəyərləndirirsiz?
– Ötən mövsüm nəticə baxımından bizim üçün uğursuz oldu. Komanda sonuncu pillədə qərarlaşdı. Lakin ilk mövsüm bizə peşəkarlaşma və təcrübə toplamaq baxımından faydalı oldu. Peşəkar ənənələri olmayan rayonda xeyli çətinliklərə sinə gərməli olduq. Şükür ki, təşkilatçılıq və idarəetmə ilə bağlı problemlərimiz olmadı. Gələn mövsüm daha hazırlıqlı olacağıq.
– Klubun peşəkarlaşması yolunda hansı addımlar atmağı düşünürsüz?
– Peşəkar klub peşəkar yanaşma tələb edir. Peşəkar kadrlar formalaşdırmalıyıq. İşimizi günün tələbləri səviyyəsində qurmalıyıq ki, ətrafdakılardan geri qalmayaq. Uğurlu marketinq siyasəti yürütməliyik. Növbəti mövsüm bunlara daha çox fokuslanmağı düşünürük.
– Kluba sponsor cəlb etmək yolunda hansısa planınız varmı?
– Sponsor üçün cəlbedici görünmək lazımdır, ilk olaraq. Bütövlükdə, bu sahəyə iş adamlarının diqqətini çəkmək üçün hamılıqla – federasiya, klublar, media – bir sözlə, hər birimiz mütəşəkkil işləməliyik. Futbolun bu qədər populyar olduğu ölkədə Azərbaycan futbolunun popluyarlaşa bilməməsi bizi ciddi narahat etməlidir. "Qarabağ"a qızıl medalların təqdim olunduğu saatlarda Bakı küçələrində insanların "Qalatasaray"ın çempionluğunu bayram etməsi ciddi siqnaldır. O futbolsevərləri biz klublar özümüzə qazandırmayana qədər sponsor problemi xroniki hal alacaq. Datası olmayan sahəyə sponsor niyə pul xərcləsin ki?!
– Gənc klub prezidenti olaraq fəaliyyətinizi necə dəyərləndirirsiz?
– Fəaliyyətimi mən yox, başqaları və tarix dəyərləndirəcək. Bu məsuliyyətin altına təriflənmək və ya tramplin kimi istifadə etmək üçün girməmişəm. Bir vətəndaş olaraq federasiya və PFL-in yorulmaz səylərinə dəstək olmaq, bütövlükdə, ölkədə gedən proseslərə adekvat cavab vermək üçün buradayam. Saatlı doğma rayonumdur. Rayonum üçün nələrsə etməyə borcluyam.
– Sizcə, Saatlıda futbolu daha kütləvləşdirmək uğrunda hansı addım atılmalıdır?
– Saatlıda futbol kifayət qədər kütləvidir. Burada minlərlə həvəskar futbolçu və futbol azarkeşi var. Biz onlarda peşəkarlıq vərdişləri formalaşdırmalıyıq. Kateqoriya alan məşqçilərin sayını artırmaq və mərkəzdən uzaq kəndlərdə bölmələr açmağı planlayırıq.
– Ötən gün AFFA-nın Lisenziya Komissiyasının qərarı ilə "Araz Saatlı"ya Birinci Liqada mübarizə aparmaq üçün növbəti lisenziya verildi. Komandanızın pley-off matçında "Cəbrayıl"la qarşılaşacağı gözlənilir. Bu barədə nə deyə bilərsiz, gözləntiniz nədir?
– Qərar kifayət qədər ədalətli və bizim üçün sevindirici oldu. Pley-offla bağlı hələ ki açıq suallar var. Mövcud əsasnamə bizim "Cəbrayıl"la qarşılaşacağımızdan yanadır. İstənilən halda PFL-in rəsmi açıqlamasını gözləməliyik. Bu gündən komanda məşqləri bərpa edir. Qulağımız PFL-də, gözümüz öz işimizin üzərindədir.
Mənbə: Pressing.az