Bu mövsüm Azərbaycanı Avropa Liqasında təmsil etmək hüququna yiyələnmiş "Zirə" iyulun 18-də "Şerif"lə cavab oyunu keçirdi.
Qarşılaşma Mərdəkanda yerləşən "Dağla Arena"da baş tutdu. Nəticə ("Zirə" penaltilər seriyasında 4:5 hesabıyla məğlub olaraq turnirlə vidalaşıb - red.) ilə yanaşı, göstərilən "diqqət" də azarkeşlərin "kefinə soğan doğradı". Belə ki, "Zirə" rəhbərliyi şəhərdən xeyli kənarda, "çölün düzündə" keçirilən oyunda 120 dəqiqə ərzində fanatları suya həsrət qoydu. Bakıda şiddətli istilərin olduğu bir vaxtda stadiona toplaşan 3000-dən çox tamaşaçı matç boyu susuzluqdan əziyyət çəkdi.
Nə məsələdirsə, Avropanın ikinci dərəcəli nüfuzlu klub turnirində iştirak edən klubun rəhbərliyi "Dalğa Arena"nın yaxınlığında səyyar satış məntəqələri təşkil etməmişdi.
Hətta vəziyyət o həddə çatmışdı ki, bəzi azarkeşlər matçın fasiləsində jurnalistlər üçün ayrılan xüsusi otağa daxil olub, su ehtiyacını ödəmək istəyirdilər. Orada da su olmadığını görən fanatlar məyus halda geri qayıtdılar.
Maraqlısı budur ki, "Zirə"nin İdarə Heyətinin sədri Orxan Məmmədov həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) İdarə Heyətinin sədridir. Bu mənada, məmurun işi kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərə dəstək olmaqdır. Fəqət əlində bu qədər imkan varkən, o, minlərlə tamaşaçını adi suya həsrət qoydu. Və yaxud bir klub funksioneri olmadımı ki, Məmmədova yarana biləcək situasiyanı öncədən izah etsin və arenanın yaxınlığında satış məntəqələrinin təşkil edilməsinin zəruriliyini bildirsin...
Orxan Məmmədovun başı isə stadiondakı duruma yox, "Zirə"nin oyununu izləməyə gələn ali qonaqlara qarışmışdı. AFFA-nın prezidenti Rövşən Nəcəf və gənclər və idman naziri Fərid Qayıbov başda olmaqla, VİP zonada ölkə idmanının elitasının "başına dolanan" funksioner stadiona təşrif buyuran minlərlə insanı yaddan çıxarmışdı.
Mövsüm boyu işləri təkcə komandanın oyunlarına avtobus təşkil etməkdən ibarət olan "Zirə"nin səlahiyyətli şəxsləri isə stadionun A zonasında (!) papirosu papirosa calayırdılar.
Xülasə, avrokubok oyunları zamanı UEFA-nın stadionlar üçün xüsusi kriteriyaları mövcuddur. Qurum həmin meyarları müəyyənləşdirərkən, arenaların ətrafında səyyar satış məntəqələrinin də təşkil olunmasına nəzarət etsə, daha yaxşı olardı. Bəlkə də UEFA oraya gələn azarkeşlərin susuzluqdan necə əziyyət çəkdiyini görsə, bir daha orada oyun keçirilməsinə icazə verməz. Oyunlardan öncə sosial şəbəkə hesabları vasitəsilə azarkeşlərə çağırış edən, onlardan stadiona gəlmələrini xahiş edən Orxan Məmmədov isə yaxşı olardı ki, ilk növbədə fanatlara sayğı göstərsin və bu problemi aradan qaldırsın.
Mahir Rəcəbov