Qurban Qurbanov: "Qol vura bilməməyimizin səbəbi rəqibin güclü və mübariz komanda olması idi"
"Qarabağ” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində ikinci oyununu keçirib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə Bolqarıstanın ÇSKA klubu ilə qarşılaşıb. Əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşan matçda penaltilər seriyasına üz tutulub. Burada daha dəqiq oynamağı bacaran ÇSKA növbəti mərhələyə yüksəlib.
Sportliqa.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra fikirlərini jurnalistlərlə bölüşüb:
“İlk növbədə rəqibi təbrik edirəm. Yaxşı oyun alındı. Daha əvvəl də demişdim ki, qarşımızda güclü komanda var. Hətta düşünürəm ki, komandalarımız səviyyəcə bir-birinə yaxındır. Bunu nəticə də göstərdi.
Deyəcək çox söz yoxdur. Futbolçular əsl xarakter nümayiş etdirdilər. Onların oyuna yanaşmasından razı qaldım. İndi növbəti qarşılaşmaya hazırlaşacağıq. Düzdür, 120 dəqiqə oynamaq bu mərhələdə komandamız üçün bir qədər ağır oldu. Futbolçular hələ belə yüklənməyə tam hazır deyillər. Amma istənilən halda maraqlı oyun keçdi və azarkeşlər bundan zövq aldı.
Qol vura bilməməyimizin səbəbi rəqibin güclü və mübariz komanda olması idi. Bəzi epizodlarda daha dəqiq oynamalı idik. Yorğunluq fonunda həm texniki, həm də digər səhvlər olur. Mənim üçün vacib olan odur ki, futbolçular son dəqiqəyədək mübarizə apardılar. İnanıram ki, bu texniki çatışmazlıqları tədricən aradan qaldıracağıq.
Savoya gəlincə, dediyim kimi, futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər. O, sürətli oyunçudur və belə futbolçularda bu cür zədələr baş verə bilir".