“Əgər başqa bir komandada olsaydı, hardasa üzərindən keçmək olardı, “İrəvan” sıradan bir adda komanda deyil. Bu biabırçılığı həm ermənilər, həm Azərbaycanı sevməyən ölkələr gördü”.
Sportliqa.az xəbər verir ki, bu sözləri Apasport.az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq üzvü Mahir Şükürov deyib.
O, 1-ci Liqanın V turu çərçivəsində maaş məsələsinə görə İmişli səfərinə yollanmayan “İrəvan”da baş verənlərə münasibət bildirib.
Keçmiş futbolçu komandada olan hadisələrə görə həm rəhbərliyi, həm də oyunçuları günahlandırıb: “Əgər “İrəvan" adında komanda yaratmısansa, məcbur olub ona baxmalı, maliyyə ayırmalısan. Komandanı yaradıb, sonra ona baxmamaq utandırıcıdır. Ona görə ki, bu işə girmisənsə, gərək onun arxasında durasan. Bu komandanı inkişaf etdirmədən, bu ad altında komanda yaratmaq və 1-2 ay sonra maaş verməmək qəbulolunan deyil. Lap deyək ki, maaş verilmir, amma futbolçuların da oyuna çıxmaması onlara yaraşmır. Bizim vaxtımızda da olub ki maaş verilmirdi, amma biz ad-sanımıza, gələcəyimizə görə çıxıb oyunumuzu oynamışıq. Həm də hansısa oyunçu komandaya gəlirsə və o ad altında oynayırsa, komandanın adına hörmət edib, heç olmaya 3-5 oyun pulsuz oynamalı idi. Sonra deyə bilərdilər ki, biz komandaya görə pulsuz oynadıq. Belə olan halda heç kim öz etirazını da bildirməzdi. Orda rəhbərlikdən tutmuş komandaya qədər hamı günahkardı. Rəhbərliyin səhvi orda oldu ki, səmimi davranmadı. Gərək yığardı futbolçularını ki, çıxın, 4-5 oyunu hörmət üçün oynayın”.
Şükürov klubda köklü islahatların zəruri olduğunu düşünür: “Bu komandanı gələcəkdə adına görə saxlayacaqlarsa, orda olan rəhbərliyi də, oyunçuları da birdəfəlik qovmaq lazımdır. Heç bir komandaya da götürmək lazım deyil. Bu baş verənlər biabırçılıqdır”.
Qeyd edək ki, “İrəvan” klubunun futbolçuları maaşlarını ala bilmədiyi üçün çempionatın 5-ci turunda “İmişli” ilə oyuna çıxmaqdan imtina etmişdilər.