Tanınmış azərbaycanlı məşqçi Samir Əbdürrəhmanov bu ayın əvvəlində İspaniyanın Barselona şəhərinə səfər edib. Mütəxəssis orada İspaniyanın ən böyük futbol akademiyalarından biri olan "Nastic de Tarragona"da təcrübə keçərək, yekunda sertifikatla təltif edilib.
Sportliqa.az xəbər verir ki, Əbdürrəhmanov səfər zamanı gördüklərindən danışıb.
- Bu yaxınlarda İspaniyanın tanınmış futbol akademiyalarından biri olan "Nastic de Tarragona"nın düşərgəsinə yollanmısız. Bu, necə baş tutdu?
- 2019-cu ildə İspaniyanın paytaxtı Madrid şəhərində "Qazprom" şirkəti tərəfindən məşqçi kursları keçirilirdi. Həmin müddətdə bir neçə uşaq futbol meneceri ilə tanış olmuş, onlarla əlaqə yaratmışdım. Bu yaxınlarda həmin skautlardan biri mənimlə əlaqə yaradaraq bildirdi ki, tezliklə Barselona şəhərində yerləşən "Nastic de Tarragona" futbol akademiyasında məşqçi kursları keçiriləcək və bu kurslara dəvətlisiniz. Götür-qoy etdikdən sonra bu fürsəti dəyərləndirmək qərarına gəldim. Çünki bu, mənim üçün böyük bir təcrübə olacaqdı. Bu məqsədlə Barselona şəhərinə yollandım. Fevral ayının 3-dən 14-dək həmin akademiyada oldum. Mənimlə birgə orada müxtəlif ölkələrdən - Qazaxıstan, Litva və bir sıra Avropa ölkələrindən məşqçilər də iştirak edirdilər. Onu da qeyd edim ki, Kataloniya bölgəsində yerləşən "Nastic de Tarragona" futbol akademiyası İspaniyanın ən böyük akademiyalarından biri sayılır.
- Səfərinizin əsas məqsədi nə idi?
- Uşaq futbolunda məşqçi olaraq çalışdığım üçün ilk növbədə təcrübəmi, biliyimi, təcrübəmi artırmaq üçün həmin akademiyanın düşərgəsinə yollanmışdım. Demək olar ki, 10 gün ərzində bir məktəb keçdim. 9-dan 19-dək bütün yaş qruplarının məşqlərini izləyir, özüm üçün qeydlər edirdim. O cümlədən, məşqçilərlə fikir mübadiləsi aparırdım. Bu akademiyada dünyanın müxtəlif ölkələrindən olan uşaqlar məskunlaşıblar. Məsələn, orada Kolumbiya, Kuba, Litva, İran, Qazaxıstan və digər ölkələrdən olan uşaqları gördüm.
- Akademiyanın infrastruktru, şəraiti barədə nə deyə bilərsiz?
- Gördüklərimə əsasən onu deyə bilərəm ki, durum çox yaxşıdır. Əsas olan odur ki, sistem var. Sistemvari iş qurulub. Bu akademiyada uşaqlar həm təhsil alır, həm qidalanır, həm də yaşayırlar. Yəni, "Nastic de Tarragona" böyük bir rezidensdir. Sadəcə o qalır ki, uşaqlar öz üzərində işləyərək hədəfə çatsınlar.(pressing.az)