"Sabah" klubu növbəti mövsüm Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.
Sportliqa.az xəbər verir ki, Masazır təmsilçisi nüfuzlu turnirin ikinci təsnifat mərhələsində İsrailin "Makkabi"(Hayfa) komandası ilə qarşılaşacaq.
"Bayquşlar"ın ispaniyalı mərkəz müdafiəçisi Con İrasabal Pressing.az-a açıqlamasında bu mərhələdə ən çətin rəqiblə üz-üzə gələcəklərini bildirib:
"Bu mərhələdə mümkün olan ən çətin rəqiblə düşdük. Lakin təslim olmaq olmaz. Rəqibin kimliyindən asılı olaraq meydana çıxıb, var qüvvəmizlə oynamalıyıq. Avrokubokda əsas istəyim qrup mərhələsinə vəsiqə qazanmaqdır. Ancaq bu haqda danışmaq hələ tezdir. İndi bizi qarşıda "Makkabi" ilə iki vacib oyun gözləyir. İnanıram ki, bu oyunlardan yaxşı nəticə ilə ayrılaraq azarkeşlərimizi sevindirəcəyik".
Bildirək ki, Konfrans Liqasında 2-ci turun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək. “Sabah” ilk oyunu səfərdə, cavab görüşünü isə Bakıda keçirəcək.