“Neftçi” Futbol Akademiyasının məşqçisi İslam Kərimov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən “Böyük Zəfər” xatirə medalı ilə təltif olunub.
Sportliqa.az xəbər verir ki, UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malik olan Azərbaycan Respublikasının Əməkdar məşqçisi bununla bağlı təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb:
“Mən könüllü olaraq 1992-1993-cü illərdə Qarabağda – Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun dəstəsində döyüşmüşəm. Həmin 1 il ərzində dəfələrlə ağır döyüşlərdə iştirak etmişəm. Buna görə də dövlətimiz tərəfindən mükafatlandırılmışam. “Qarabağ müharibə veteranı” və “Milli Ordu-100” medalları ilə təltif olunmuşam. 26 İyul – Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirdə isə qərara gəldilər ki, məni “Böyük Zəfər” medalı ilə də təltif etsinlər və elə bu gün təltif olundum. Bu mənim üçün qürur hissidir. Çünki bir vətəndaş kimi cəmiyyətdə böyük rol oynamışam. Həm də “Neftçi” klubunu təmsil etdiyim üçün fəxr edirəm. Bu zəfərə görə ilk növbədə Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Artıq bizim torpaqlarımız azad olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ona görə də mən bu gün bu medalı böyük qürur hissi ilə gəzdirirəm.