Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən “Qarabağ” klubunun U-15, U-16, U-17 və U-19 komandaları üçün antidopinq mövzusunda maarifləndirmə seminarı təşkil olunub.
Sportliqa.az xəbər verir ki, tədbirdə gənc futbolçulara qadağan olunmuş maddələr və üsullar, dopinq nəzarəti prosesi, eləcə də təmiz və ədalətli idman prinsipləri barədə ətraflı məlumat verilib.
İştirakçılara 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin tələbləri, test prosedurları və mümkün intizam sanksiyaları izah edilib. Görüş zamanı idmançıların hüquq və öhdəlikləri, ciddi məsuliyyət prinsipi və terapevtik istifadə üçün istisnalar diqqətə çatdırılıb. Eyni zamanda narkotik vasitələrin istifadəsinin sağlamlığa, karyeraya və şəxsi həyata mənfi təsirləri real nümunələr əsasında şərh olunub.
Seminarın əsas məqsədi gənc idmançılarda erkən yaşlardan düzgün dəyərlər formalaşdırmaq və onları mövcud risklərdən qorumaqdır.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az