Cəbrayılda futbol festivalı keçirilib
AFFA-nın təşkilatçılığı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin dəstəyi ilə Cəbrayıl rayonunun Horovlu kəndində kütləvi futbol festivalı keçirilib.
Sportliqa.az xəbər verir ki, festivalda Horovlu və Cocuq Mərcanlı kənd məktəblərinin şagirdləri iştirak ediblər.
Tədbirin əsas məqsədi uşaqlar arasında sağlam həyat tərzinin təbliği, futbolun kütləviliyinin, məktəblilər arasında idmana marağın daha da artırılması və azad edilmiş ərazilərdə sosial-idman fəaliyyətlərinin genişləndirilməsidir.
Festival iştirakçılarına AFFA tərəfindən futbol topları hədiyyə olunub.
Hədiyyələri iştirakçılara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Horovlu kənd tam orta məktəbinin direktoru Zamiq Həmzəyev və digər rəsmi şəxslər təqdim ediblər.